İcbari əmlak sığortası - Azərbaycanda yaşayış evlərinin, habelə qeyri-yaşayış sahələrinin sahiblərinin qanunvericiliyin tələbinə uyğun olaraq almağa borclu olduğu məcburi sığorta növüdür. Yanğın, partlayış, su basması, torpaq sürüşməsi və digər fəlakətlər nəticəsində əmlakınıza dəyən ziyanı ödəyir.

Nəyi qarşılayır?

  • Yalnız evin, mənzilin, obyektin özünə (divar, tavan, döşəmə, təmir) dəyən zərəri

Nəyi qarşılamır?

  • Mebel, məişət texnikası və şəxsi əşyaları
  • İstənilən digər daşınar əşyaları
  • Sağlamlığa dəyən zərəri

Kimlər üçün məcburidir?

  • Azərbaycanda mövcud olan, ev, mənzil, qeyri-yaşayış sahələrinin sahibi olan hər kəs üçün

Vacib qeyd:

  • Könüllü əmlak sığortası - daşınmaz əmlakı tam dəyərində qoruyur və daşınar əmlak, mebel, məişət texnikası və digər riskləri də əhatə edə bilir
  • İcbari əmlak sığortası - isə yalnız daşınmaz əmlakın özünü, olduğu bölgədən asılı olaraq 15,000, 20,000 və 25,000 manat həcmində qoruyur

Daşnmaz əmlakın icbari sığortası üzrə tələblər - Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin 3-cü fəslində nəzərdə tutulmuşdur. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müvafiq əmlakın istismarı, o cümlədən həmin əmlakın ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin həyata keçirilməsi zamanı üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası icbari olan əmlak dedikdə, hüquqi şəxslərin öz fəaliyyətini, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün istismar etdiyi daşınmaz əmlak olan binalar, tikililər, qurğular, sahələr başa düşülür. Yuxarıda sadaladığımız hər hansı əmlakın istismarı ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir.

Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri və azadolma məbləğləri - Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı qaydada müəyyən olunur:

tikililər və binalar üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür tikilinin və binanın inşasının dəyəri – bərpa dəyəri məbləğində. Bərpa dəyəri müəyyən edilərkən materialların köhnəlmə əmsalı və sığorta predmeti olan əmlakın texniki vəziyyəti nəzərə alınır;

Qeyri-yaşayış sahələri üzrə – sığorta predmeti olan əmlakın yerləşdiyi yerdə eyni cür və həmin texniki vəziyyətdə olan əmlakın orta bazar dəyəri məbləğində.

Yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır.

Yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:

Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;

Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;

digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.

Daha çox göstər Daha az göstər